Qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya
nümayəndəlikləri üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə sahəsində Davranış Standartları
Önsöz
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakı leqallaşdırılmasına, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının
maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq standartlar – FATF tövsiyələrinə əsasən dövlətlər qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) idarə edilməsində şəffaflıq, vicdanlılıq və ictimai etimadın təmin edilməsi üçün aydın siyasətlərə malik olmalıdırlar.
QHT-lər dünya iqtisadiyyatında, bir çox dövlətlərin iqtisadiyyatlarında və sosial sistemlərində mühüm rol oynayır və onlar bir sıra səbəblərdən terrorçular tərəfindən sui-istifadəyə qarşı həssasdırlar. QHT-lər ictimai etimada malikdirlər, onların əhəmiyyətli vəsait mənbələrinə çıxışları var və çox zaman nağd pul tutarlıdırlar.
Bundan başqa, bəzi QHT-lər qlobal səviyyədə fəaliyyət göstərirlər, bu isə bir çox hallarda, terrorçuluq fəaliyyətinin təsirinə daha çox məruz qalan ərazilərdə və ya onların yaxınlığında milli və beynəlxalq səviyyədə fəaliyyətlər və maliyyə əməliyyatları üçün çərçivəni təmin edir. Terrorçu təşkilatlar QHT-lərin bu xüsusiyyətlərindən istifadə edərək QHT-lərin vəsaitləri və fəaliyyətindən terrorçuluq fəaliyyətinin ört-basdır edilməsi və ya dəstəklənməsi üçün istifadə edirlər. QHT sektorunun terrorçular tərəfindən sui-istifadə edilməsindən qorumaq məqsədilə qəbul edilən tədbirlər qanuni, xeyriyyə məqsədli fəaliyyətlərə maneə törətməməli və ya belə fəaliyyətlərin təşkili ilə bağlı motivasiyanın azalmasına səbəb olmamalıdır. Əksinə, bu tədbirlər sektorda şəffaflığı təşviq etməli və xeyriyyə vəsaitləri və xidmətlərinin öz nəzərdə tutulmuş benefisiarlarına gəlib çatdığını göstərməklə, donor ictimaiyyətində və ictimai təbəqələrdə ona qarşı etimadın artmasına gətirib çıxarmalıdır. Bütün QHT-lərin idarəetmə və fəaliyyətində yüksək şəffaflıq, vicdanlılıq və ictimai etimad səviyyəsinin əldə edilməsinə yardım göstərən sistemlər bu sektorun terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadəsinin qarşısının alınmasını təmin edən tədbirlərin tərkib hissəsidir.
Uyğun standartların tətbiqi təkcə QHT üçün etik yoxlamanı təmin etmir, o, həm də benefisiarlara, donorlara və ictimaiyyətə QHT-nin yüksək standartların saxlanmasının vacibliyinə ciddi yanaşdığı barədə bəyanat rolunu oynayır. Belə normalar maraqlı tərəflərə məsuliyyətsiz QHT-ləri müəyyən etməkdə və onlardan qaçmaqda kömək edə bilər. Həmçinin QHT-lər də ən yüksək etik standartları qoruyub saxlamağa borcludurlar.
Göstərilənləri nəzərə alaraq, QHT-lər üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Davranış Standartları hazırlanmışdır. Ümid edilir ki, Davranış Standartları QHT-lərin bu sahədə məlumatlandırılmasına və işinə bələdçilik etməyə kömək edəcəkdir.
I. Rəhbər prinsiplər
Hər bir təşkilat istər açıq şəkildə ifadə olunan, istərsə də dolayısı ilə başa düşülən fundamental prinsiplər əsasında fəaliyyət göstərir. Bundan əlavə, ümumbəşəri hörmətə malik olan təşkilatların tədqiqi bu prinsiplərdə böyük oxşarlıqlar aşkar edir. Başqa sözlə, böyük miqyasda dünyanın hər yerindən olan yaxşı QHT-lər özlərinin uğurlu fəaliyyətini tənzimləyən eyni fundamental fərziyyələri və ya inancları bölüşməyə meyllidirlər.
Bu fundamental prinsiplərdən daha vacibləri aşağıda qeyd olunmuşdur:
A. Məsuliyyət, xidmət və ictimai fikir
Davamlı tərəqqi, sülh və ədalət bütün təşkilatların ümumi yaxşılığa töhfə verməsini tələb edir. Beləliklə, QHT özünü inkişaf etdirməli və başqalarına xidməti ön planda saxlamalı, fərdi və ictimai narahatlıqları tarazlaşdıraraq, diqqəti daha yüksək və geniş ictimai xidmət səviyyələrinə yönəltməlidir. QHT fəaliyyətini məsuliyyətlə davam etdirərək, bunu istər geniş ictimaiyyət, istərsə də ictimaiyyətin müəyyən bir təbəqəsi naminə həyata keçirməlidir. Dövlət pulları eqoist məqsədlər üçün sui-istifadə edilməməlidir və bütün dövlət əmlaklarına ictimai etimad kimi son dərəcə ciddi yanaşılmalıdır:
B. Sərhədlərdən kənar əməkdaşlıq
İnsanları bir-birindən ayıran süni siyasət və etnik maneələri aşaraq dinlərarası, mədəniyyətlərarası və irqlərarası iş görməklə dünya sülhü və qlobal rifah istiqamətində əhəmiyyətli irəliləyişə nail olmaq olar. QHT-lər digər QHT-lərlə etik əməkdaşlıq münasibətləri saxlamalı və daha böyük ictimai rifah naminə tərəfdaşlıq etməlidirlər. QHT siyasət, din, mədəniyyət, irq və etnik mənsubiyyətin hüdudlarından kənarda, ümumi dəyərləri və məqsədləri paylaşan təşkilatlar və şəxslərlə nizamnamə məqsədlərinə uyğun işləməyə hazır olmalıdır.
C. İnsan hüquqları və ləyaqəti
QHT heç bir şəxsin əsas insan hüquqlarını pozmamalıdır. QHT bütün insanların azad və ləyaqət baxımından bərabər doğulduğunu qəbul
etməlidir. QHT xidmət etdiyi icmaların mənəvi dəyərlərinə, dininə, adət-ənənələrinə və mədəniyyətinə həssas olmalıdır. QHT ailələrin bütövlüyünə hörmət etməli və ailə həyatını dəstəkləməlidir.
D. Dini azadlıq
QHT dini azadlıqlara hörmət etməlidir.
E. Şəffaflıq və hesabatlılıq
QHT-lər daxildə, eləcə də donorlara və ictimaiyyət üzvlərinə qarşı açıqlıq və dürüstlük üçün səy göstərməlidirlər. Dövri mühasibat uçotu aparılmalıdır:
- QHT hökumətlə, ictimaiyyətlə, donorlarla, tərəfdaşlarla, benefisiarlarla və digər maraqlı tərəflərlə bütün işlərində şəffaf olmalıdır.
- QHT-nin əsas maliyyə məlumatları, idarəetmə strukturu, fəaliyyəti, tərəfdaşlıqların siyahısı açıq və ictimai nəzarət üçün əlçatan olmalıdır və QHT
öz işi, resurslarının mənşəyi və istifadəsi haqqında ictimaiyyəti məlumatlandırmaq üçün səy göstərməlidir. - QHT öz hərəkətləri və qərarları üçün təkcə maliyyə qurumları və hökumət qarşısında deyil, həm də xidmət etdiyi insanlar, onun işçi heyəti və üzvləri, tərəfdaş təşkilatlar və bütövlükdə ictimaiyyət qarşısında cavabdeh olmalıdır.
F. Doğruluq və qanunilik
QHT donorları, layihə benefisiarları, işçi heyəti, üzvləri, tərəfdaş təşkilatlar, hökumət və ümumilikdə ictimaiyyətlə münasibətlərində dürüst olmalı və fəaliyyət göstərdiyi istənilən yurisdiksiyanın qanunlarına hörmət etməlidir.
II. QHT-nin bütövlüyü
Hər bir QHT-nin özünün əsas xüsusiyyəti onun qeyri-kommersiya, qeyrihökumət, mütəşəkkil, müstəqil, özünüidarəedən və könüllü olmasıdır. Bu ümumi meyarlar QHT-lər üçün aydın görünsə də, onlar QHT-nin dürüstlüyü və davranışı üçün əsas olaraq qalır.
A. Qeyri-kommersiya:
- QHT qeyri-kommersiya təşkilatı kimi təşkil edilməli və fəaliyyət göstərməlidir. Əməliyyatları nəticəsində əldə edilən hər hansı bir gəlir yalnız təşkilatın öz məqsədlərini yerinə yetirməsinə kömək etmək üçün istifadə edilməlidir.
- Təşkilat, onun nizamnaməsi ilə bəyan edilmiş məqsədləri ilə əlaqəsi olmayan ticarət və ya bizneslə məşğul olmamalıdır.
- QHT-nin idarə olunması qaydaları təşkilatın həm digər şəxslərlə münasibəti zamanı, həm də ləğvi zamanı mənfəət və ya aktivlərinin fiziki şəxslərin xeyrinə bölüşdürməsinin qarşısını almalıdır.
- B. Qeyri-hökumət
- Təşkilat hökumətin bir hissəsi olmamalıdır və ya onun nəzarətində olmamalıdır.
- Təşkilat hökumətin xarici siyasətinin aləti kimi deyil, hökumətlərdən asılı olmayaraq fəaliyyət göstərməlidir. QHT, təşkilatın nizamnamə məqsədləri və təşkilatın özünün müstəqil siyasəti ilə üst-üstə düşmədiyi halda, heç bir hökumətin siyasətini həyata keçirməyə çalışmamalıdır.
C. Mütəşəkkil - QHT-nin təsis sənədləri, ali idarəetmə orqanı və icra orqanı, məsul işçiləri, müntəzəm iclasları və tədbirləri olmalıdır.
- QHT-nin nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.
D. Müstəqil və özünüidarəedən - Təşkilat müstəqil olmalıdır. Onun siyasəti, baxışı və fəaliyyəti heç bir kommersiya təşkilatı, donor, hökumət, hökumət rəsmisi, siyasi partiya və ya digər QHT tərəfindən müəyyən edilməməlidir.
- Təşkilat özü üçün seçdiyi idarəetmə strukturuna uyğun olaraq özünü müstəqil idarə etməlidir. O, öz fəaliyyətinə nəzarət etməlidir.
E. Könüllü - QHT-lər ümumi maraq və ya qayğı göstərməyi həyata keçirməyi seçmiş şəxslərin könüllü hərəkətləri nəticəsində şəxsi təşəbbüslə yaradılır. Könüllü dəyərlərin və prinsiplərin saxlanması QHT-nin işində əsas qüvvə olaraq qalmalıdır.
- Təşkilat öz nizamnamə məqsədlərinə nail olmaq üçün könüllülərlə əməkdaşlıq etməlidir.
- QHT-nin ali idarəetmə orqanının üzvləri heç bir ödəniş etmədən könüllü olaraq xidmət etməlidirlər.
III. Məqsəd və fəaliyyətlər
QHT-nin məqsədi onun mövcud olmasının səbəbi və ya nəyə nail olmaq istəyidir. QHT-lərin öz məqsədini aydın şəkildə müəyyən etmək və ifadə etmək, qarşıya qoyduğu məqsədə çatmaq üçün öz resurslarından səmərəli şəkildə istifadə etmək öhdəliyi var.
A. Missiya - QHT-nin nizamnaməsində fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi müəyyən edilməlidir. Bununla QHT-nin nə üçün mövcud olduğu və nəyə nail olacağı aydın şəkildə göstərilməlidir.
- Ali idarəetmə orqanının hər bir üzvü təşkilatın fəaliyyətinin məqsədlərini tam başa düşməli və dəstəkləməlidir.
- QHT-nin fəaliyyətinin məqsədləri bütün üzvlər, işçilər, tərəfdaşlar, donorlar, proqram benefisiarları və ümumilikdə ictimaiyyət üçün açıqlanmalıdır.
- QHT-nin fəaliyyətinin məqsədləri onun hələ də aktual olub-olmadığını müəyyən etmək üçün vaxtaşırı (iki və ya üç ildən bir) nəzərdən keçirilməlidir.
B. Fəaliyyətlər - Fəaliyyətlər təşkilatın məqsədlərinə uyğun olmalıdır. QHT-nin diqqəti məqsədlərinin yerinə yetirildiyinə əmin olmağa yönəldilməlidir.
- Təşkilatın proqramları onun bəyan etdiyi fəaliyyət məqsədlərinə nail olmaq üçün səmərəli işləməlidir.
- Təşkilat müntəzəm olaraq layihənin benefisiarlarından, eləcə də digər maraqlı tərəflərdən öz fəaliyyəti ilə bağlı rəy almalıdır.
- Təşkilat onun fəaliyyətinin onun məqsədinə uyğunluğuna, səmərəliliyinə və effektivliyinə, proqramların davam etdirilməsinə və ya onlara yenidən baxılmasına, yeni proqramlara olan ehtiyacı müəyyən etmək üçün vaxtaşırı olaraq tənqidi şəkildə yoxlanılmalıdır. Qiymətləndirmələr açıq və dürüst olmalı və maraqlı tərəflərin rəyini ehtiva etməlidir.
IV. İdarəetmə
Effektiv idarəetmə strukturu, güclü, fəal və sadiq idarəetmə orqanı təşkilatın möhkəmliyi və öz məqsədlərinə nail olmaq qabiliyyəti üçün çox vacibdir. QHT-nin idarəetmə orqanı təşkilatın bütün fəaliyyətləri və resursları üçün məsuliyyət daşıyır. Rəhbər orqan həmçinin təşkilatın fəaliyyətini müəyyənləşdirir və onların məqsədə uyğunluğuna nəzarət edir. Rəhbər orqan təşkilatın faəliyyət məqsədlərini yerinə yetirmək və təşkilatı saxlamaq üçün insan və maliyyə resurslarının əldə edilməsi və lazımi şəkildə istifadə edilməsi üçün məsuliyyət daşıyır və qanuni tələblərə nəzarət edir.
A. İdarəetmə strukturu - QHT ona öz fəaliyyət məqsədlərini yerinə yetirməyə imkan verən və təşkilatın əsas dəyərlərini və mədəni standartlarını əks etdirən idarəetmə planı yaratmalıdır.
- Təşkilatın strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları – bütün mövcud sənədlərdə, maraqlı tərəflərdə və s.-də aydın şəkildə göstərilməlidir.
B. Rəhbər orqanının strukturu - QHT-nin idarəetmə orqanı təşkilatın fəaliyyət məqəsədlərinə nail olmaq üçün öz vaxtını və enerjisini könüllü sərf etməyə hazır olan və təşkilata əhəmiyyətli töhfələr verə bilən şəxslərdən ibarət olmalıdır.
- Rəhbər orqan yaxın qohum olmayan üzvlərdən ibarət olmalıdır. 3.İdarəetmə orqanına üzvlük üçün müddət limitləri müəyyən edilməlidir. Həm
fərdi müddətdə xidmət göstərə biləcək maksimum il, həm də icazə verilən ardıcıl müddətlərin sayına diqqət yetirilməlidir. - Rəhbərlik orqanında işləmək üçün üzvlərin namizədliyinin irəli sürülməsi qaydası üzvlərə və digər aidiyyəti tərəflərə məlum olmalıdır.
- QHT icran orqanında təmsil olunmaq üçün geniş nümayəndə sayına malik olmalıdır.
- Rəhbər orqanının hər bir üzvü təşkilatın nizamnaməsi ilə tanış olmalıdır.
- Ali idarəetmə orqanının üzvləri xidmətlərinə görə təzminat ala bilməzlər.
C. Rəhbər orqanın məsuliyyəti - Rəhbər orqan fəaliyyət məqsədlərini müəyyən etməklə, onun düzgünlüyünə və etibarlılığına vaxtaşırı baxmaqla, zəruri halda ona yenidən baxaraq, QHT-nin istiqamətini müəyyən edir.
- İdarəetmə orqanı QHT-nin proqramlarını və xidmətlərini müəyyən etməli, onların fəaliyyət məqsədlərinə uyğunluğuna, onların effektivliyinə və səmərəliliyinə nəzarət etməlidir.
- İdarəetmə orqanı təşkilatın fəaliyyət məqsədlərini yerinə yetirmək üçün lazımi resurslara malik olmasını təmin etməlidir.
- İdarəetmə orqanı illik büdcəni təsdiq etməli və vəsaitin toplanması prosesində fəal iştirak etməlidir.
- Rəhbər orqan resursları səmərəli şəkildə idarə etməli və qanuni tələblərə nəzarəti təmin etməlidir.
- İdarəetmə orqanı uzunmüddətli və qısamüddətli strateji planlaşdırma proseslərində, o cümlədən məqsəd və vəzifələrin həyata keçirilməsində, habelə QHTnin öz fəaliyyət məqsədlərinə nail olunması işində fəal iştirak etməlidir.
- Rəhbər orqanın üzvləri təşkilatın nümayəndəsi kimi fəaliyyət göstərərək, onun nailiyyətlərini və məqsədlərini ictimaiyyətə açıqlayır və təşkilata dəstək toplayırlar.
D. Rəhbər orqanın davranışı - İdarəetmə orqanının iclasları arasında təşkilatın işlərini aparmaq səlahiyyətinə malik olan rəhbər orqan təşkilatın işini tam və adekvat şəkildə həyata keçirmək üçün tez-tez görüşməlidir.
- İdarəetmə orqanının və ya rəhbər orqanın hər bir iclasının protokolları və hesabatları hazırlanmalı, təşkilatın hər bir üzvünə paylanılmalı və gələcəkdə istifadə etmək üçün arxivləşdirilməlidir. Protokollar, həmçinin, personalın qiymətləndirilməsi və digər bu kimi məlumatlar (məxfi məlumatlar istisna olmaqla) təşkilat üzvlərinə, işçi heyətinə və geniş ictimaiyyətə açıq olmalıdır.
- Rəhbər orqan öz davranışına görə məsuliyyət daşıyır.
E. Maraqların toqquşması - Rəhbər orqanda xidmət edərkən, rəhbərlər təşkilati məqsədləri şəxsi məqsədlərdən, təşkilatın maraqlarını isə fərdi istəklərdən üstün tutmalıdırlar.
- Heç bir direktor həmin şəxsə birbaşa təsir edən məsələnin həllində (məsələn, rəhbər orqana yenidən seçilmək, şəxsi mükafatlandırma və s.) iştirak etməməlidir.
- Hər bir rəhbər maraqların toqquşmasına səbəb ola biləcək hər bir potensial və faktiki maraq toqquşmalarını açıqlamalıdır (məsələn, fəaliyyət məqsədləri üst-üstə düşən başqa QHT-nin idarə heyətində təmsil olunmaq). Bu cür açıqlama etik uyğunsuzluğu istisna etmir.
V. İnsan Resursları
Sadiq, bacarıqlı və məsuliyyətli kadr QHT-nin uğuru üçün çox vacibdir. Bunun əsasını səmərəli insan resursları siyasəti təşkil edir. Əksər QHT-lər bunun üçün həm ödənişli işçilərə, həm də ödənişsiz könüllülərə müraciət etməlidir. QHT ixtisaslı kadrlar axtarmalı, onlara lazımi təlim və nəzarət təklif etməli, onlara ədalətli yanaşmalı, onlara fərdi inkişaf üçün imkanlar təqdim etməlidir.
A. QHT-nin vəzifələri - Təşkilat, onun fəaliyyət məqsədlərinə sadiq olan bacarıqlı və məsuliyyətli işçilər və könüllülər axtarmalıdır.
- Təşkilat yeni işçilər üçün lazımi təlim və fəaliyyət istiqaməti təmin etməli, onlara uyğun iş şəraiti yaratmalıdır.
- Təşkilat fərdi inkişaf və personalın inkişafı üçün imkanlar təmin etməli və nəzarətçilərin işçilərin şəxsi inkişafını təşviq etdiyi bir atmosfer yaratmalıdır.
- Bütün işçilərlə ədalətli davranılmalı, onlara hörmət edilməli və müdafiə hüququ təmin olunmalıdır. Onların birləşmək, vicdan və ifadə azadlığı hüquqlarına hörmət edilməli və qorunmalıdır.
- Əsas heyətə ciddi narahatlıqları təşkilat daxilində həll etmək və məhkəməyə şikayət etmə hüququna təminat verilməlidir.
B. Maraqlar toqquşması - Hər bir üzv maraqların toqquşmasına səbəb ola biləcək hər bir institusional mənsubiyyətini açıqlamalıdır.
- İşçi heyətin üzvləri xüsusi imtiyaz, qazanc və ya fayda əldə etmək üçün adi və ya könüllü vəzifələrindən istifadə etməməlidirlər.
- İşçilər təşkilati məqsədləri şəxsi məqsədlərdən üstün tutmalıdırlar.
VI. İctimai etimad
Etimadı inkişaf etdirmək və qorumaq üçün hər bir QHT həqiqi ictimai hesabatlılıq və şəffaflıq nümayiş etdirməli və ictimaiyyətə təqdim etdiyi məlumatlarda dürüst olmalıdır.
A. QHT haqqında ictimai məlumat - Təşkilat haqqında donorlara, üzvlərə, müştərilərə, əməkdaşlara və geniş ictimaiyyətə verilən məlumatlar dəqiq və vaxtında olmalıdır.
- Təşkilat ən azı ildə bir dəfə öz proqramları və xidmətləri haqqında məlumat hazırlamalı və ictimaiyyətə təqdim etməli və həmin proqram və xidmətlərin müvafiq qeydlərinə ictimaiyyətin çıxışını təmin etməlidir.
- QHT hər il təşkilat haqqında əsas maliyyə məlumatlarını, o cümlədən maliyyələşdirmə mənbəyini, həmin vəsaitlərin istifadəsi, xidmət və proqramlar, idarəetmə fəaliyyətləri və vəsaitlərin cəlb edilməsi üçün istifadə olunan vəsaitlərin faizi, və idarəetmə orqanına verilən hər hansı kompensasiya və s. hazırlayıb ictimaiyyətə təqdim etməlidir. QHT, həmçinin müvafiq maliyyə sənədlərinə ictimaiyyətin çıxışını
təmin etməlidir. - Təşkilat özünün rəhbər orqanının və idarəetmə heyətinin adlarını təqdim etməli, idarəetmə orqanında baş verən hər hansı dəyişiklikləri ictimaiyyətə çatdırmalı və idarəetmə orqanının iclaslarının müvafiq protokollarına çıxışı təmin etməlidir.
- Təşkilat daxil olduğu hər hansı ortaqlıqlar və ya digər birgə müəssisələr haqqında məlumatı vaxtında və dəqiq şəkildə təqdim etməlidir.
- Şəxslər fərdi olaraq bu hüquqdan imtina etmədikcə və ya açıqlama qanunla tələb olunmadığı halda, təşkilat işçilər, müştərilər və başqaları haqqında şəxsi məlumatların məxfiliyini qorumalıdır.
- Təşkilat özünü digər QHT-lərlə müqayisədə deyil, öz üstünlükləri ilə xarakterizə etməlidir. Başqa QHT ilə bağlı kommunikasiyalar digərinin hesabına özünə mənfəət yaratmaq məqsədi daşımamalıdır.
- Təşkilat ictimaiyyətə QHT və onun fəaliyyəti ilə bağlı sorğu vermək istədikləri halda onlar üçün rabitə kanalı təmin etməlidir.
- QHT məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı təşkilatın milli və yerli
qanunlara riayət etməsini təmin etmək üçün ən azı bir şəxsi təyin etməlidir.
B. İctimai vəkillik - Təşkilatın ictimaiyyətə yaymaq üçün seçdiyi məlumat dəqiq olmalı və lazımi kontekstlə təqdim edilməlidir.
- Təşkilat məlumatı ədalətli və qərəzsiz şəkildə təqdim etməlidir.
- QHT-nin bəyanatları onun faktiki səlahiyyətlərini əks etdirməlidir. Üzvlüyə əsaslanan QHT-nin üzvü təşkilatın nizamnaməsində nəzərdə tutulan hallarda onu təmsil edə bilər. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
VII. Maliyyə və hüquq
QHT-lər sağlam daxili maliyyə prosedurlarından istifadə etməli, maliyyə uçotunu diqqətlə aparmalı və maliyyə hesabatlarını ictimaiyyətə təqdim etməlidir. Onlar həmçinin təşkilatın qanuni və ümumi qəbul edilmiş mühasibat təcrübələrinə uyğun fəaliyyət göstərdiyini təsdiq edə bilən maliyyə hesabatlarına ixtisaslı ekspert tərəfindən vaxtaşırı baxılmasını təmin etməlidir. QHT-lər qüvvədə olan qanunlara riayət etmək üçün səy göstərməlidirlər.
A. Maliyyə şəffaflığı və hesabatlılıq - Rəhbər orqanın üzvləri təşkilat üçün məsuliyyət daşıyırlar və təşkilatın maliyyə hesabatlarını və hesabat tələblərini başa düşməlidirlər.
- Təşkilatın illik büdcəsi idarəetmə orqanı tərəfindən təsdiqlənməlidir və həmin büdcəyə uyğun fəaliyyət göstərməlidir.
- Daxili maliyyə hesabatları müntəzəm olaraq hazırlanmalı və idarəetmə orqanına təqdim edilməlidir.
- Təşkilat qanunla nəzərdə tutulmuş mühasibat uçotu və audit prosedurlarının peşəkar standartlarına riayət etməli, bütün maliyyə və hesabat tələblərini yerinə yetirməlidir.
B. Qanuna uyğunluq - Təşkilatın fəaliyyəti, idarəetməsi və digər məsələlər qanun və qaydalara uyğun olmalıdır. (QHT fəaliyyət məqsədlərinə uyğundursa, həmin qanun və qaydaların dəyişdirilməsi ilə bağlı təkliflər verə bilər.)
- Təşkilat QHT-nin təşkilati sənədlərinin mövcud qanun və qaydalara uyğun olmasına əmin olmaq üçün hüquqi yardım almalı və davamlı qanunauyğunluğu təmin etmək üçün lazımi hallarda vəkil xidmətlərinə müraciət etməlidir.
- Təşkilat vaxtaşırı olaraq təşkilatın mövcud qanun və qaydalara uyğunluğu ilə bağlı daxili yoxlama aparmalı və bu yoxlamanın xülasəsi rəhbər orqanın üzvlərinə təqdim edilməlidir.
VIII. Maliyyə yardımı toplamaq
QHT-lər xərclərini maliyyələşdirmək və məqsədlərinə çatmaq üçün əksər fondlardan, təşkilatlardan, fərdi donorlardan və dövlət qurumlarından könüllü maliyyə dəstəyi axtarmaq yolu ilə kənardan vəsait toplayır.
A. Ümumi Prinsiplər - Rəhbər orqan maliyyə yardımı toplamaq səylərində, o cümlədən müraciətlərdə və fərdi töhfələrin verilməsində fəal olmalıdır.
- Təşkilat yalnız öz fəaliyyət məqsədlərinə uyğun gələn, onun əsas prinsiplərini pozmayan, müvafiq məsələləri sərbəst, hərtərəfli və obyektiv həll etmək imkanlarını məhdudlaşdırmayan maliyyələşdirməni qəbul etməlidir.
- Təşkilat vəsaitlərin toplanması və onlardan istifadə ilə bağlı bütün məsələlərdə dürüst olmalıdır.
- Proqramlar QHT-nin fəaliyyət məqsədlərinə cavab vermək üçün hazırlanmalı və heç vaxt sadəcə maliyyə mənbəyinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmamalıdır.
- Təşkilat bir layihə üçün ayrılmış maliyyə vəsaitinin şişirdilməsi, ayrılmış vəsaitin təsdiq edilmiş layihədən başqa istifadəyə yönəldilməsi və s. kimi qeyri-etik fəaliyyətlərə yol verməməlidir.
B. Tələblər - Təşkilat bütün müraciət və təşviqat materiallarının dəqiq olmasına, öz fəaliyyət məqsədlərini və proqramlarını aydın və düzgün təqdim etməsinə diqqət yetirməlidir.
- Təşkilat donorların potensial hədiyyələrin vergi təsirləri ilə bağlı məlumatlı, dəqiq və etik məlumat almasını təmin etməlidir.
- Qəbul edilmiş ianələr QHT-nin fəaliyyət məqsədlərinə uyğun xərclənməlidir.
- Müəyyən bir məqsəd üçün maliyyə vəsaiti ictimai şəkildə toplanıldıqda, artıq yığılmış vəsaitin idarə edilməsi planı hazırlanmalı və müvafiq hallarda müraciətə artıq vəsaitin necə istifadə ediləcəyi barədə məlumat daxil edilməlidir.
C. Vəsaitlərin istifadəsi - Təşkilat ianələrin vəd edildiyi kimi və ya vəsait toplama müraciətlərində nəzərdə tutulduğu kimi və ya donorlar tərəfindən nəzərdə tutulan məqsədlər üçün istifadə olunmasını təmin etməlidir.
- Təşkilat qrant qəbul etdikdə, razılaşdırılmış qaydada proqram fəaliyyətlərini həyata keçirmək üçün müqavilə bağlayır və bu öhdəliyə əməl etmək üçün etik və hüquqi məsuliyyət daşıyır.
- Təşkilat hədiyyənin və ya qrantın şərtlərini yalnız donorun açıq-aşkar razılığını almaqla dəyişdirə bilər.
- Təşkilat qrantların və maliyyə yardımlarının səmərəli istifadəsini təmin etməlidir.
D. Məsuliyyət - Təşkilat qrant xərclərini izləmək üçün mütəşəkkil sistem yaratmalıdır.
- Təşkilat vəsaitlərin istifadəsi və idarə olunması haqqında vaxtında hesabatlar təqdim etməlidir.
- İanələrə dair maliyyə hesabatları donorun və maraqlı tərəflərin sorğusu əsasında verilməlidir.
E. Donorla münasibət - Təşkilatın direktorları, rəhbərliyi, işçiləri və könüllüləri donor və ya potensial donorla heç bir münasibətdən şəxsi mənfəət və ya hər hansı qohumun, dostun, həmkarın mənfəəti üçün istifadə etməməlidirlər.
- Donor və ya ianə ilə bağlı məxfi məlumat icazəsiz digər şəxslərə açıqlanmamalıdır.
- Donorun məxfiliyinə hörmət edilməlidir, QHT donor və ya ianə ilə bağlı məxfi məlumatı qorumalıdır.
- Təşkilat fərdlər və donorlar haqqında hansı məlumatların toplandığını və bu məlumatların necə istifadə olunacağını, toplanmış şəxsi məlumatları nəzərdən keçirmək və düzəlişlər tələb etmək üçün təşkilatla necə əlaqə saxlanılmasını, fərdin şəxsi məlumatlarının QHT-dən kənarda paylaşılmasını istəmədiyi barədə QHT-yə necə məlumat verilməsini ehtiva edən, hansı təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi barədə ictimaiyyəti məlumatlandıran aydın və asanlıqla əldə edilə bilən məxfilik siyasətinə malik olmalıdır.
- QHT və ya onun nümayəndələri öz çağırışlarında həddindən artıq təzyiq, məcburiyyət, yersiz təsir və ya digər qeyri-etik vasitələrdən istifadə etməməlidirlər.
IX. Tərəfdaşlıq və əməkdaşlıq
QHT-lər digər vətəndaş cəmiyyəti təşkilatları, hökumət və kommersiya təşkilatları ilə əməkdaşlığın onların məqsədlərinin həyata keçirilməsində faydalı ola biləcəyini hesab edə bilərlər. Ümumi rifah naminə bu cür əməkdaşlıq xidmətlərin təkrarlanmasını azalda və resurslardan rəqabətli məqsədlər üçün istifadəni aradan qaldıra bilər. Əməkdaşlıq müxtəlif güclü tərəfləri və resursları birləşdirməyə və prioritetlərin həllində effektivliyi artırmağa imkan verə bilər. Bununla belə, QHT yalnız öz məqsədlərinə uyğun olduqda belə bir əlaqə qura bilər.
A. Tərəfdaşlıq və əməkdaşlığın ümumi prinsipləri - Təşkilat digər qurumlarla yalnız o halda əməkdaşlıq etməlidir ki, əlaqələr QHT-nin fəaliyyət məqsədlərinə uyğun olsun.
- Təşkilat ümumi dəyərlər, ümumi əsaslar və cəmiyyətin rifahı naminə əməkdaşlıq etməlidir.
- QHT hər bir təşkilat üçün ədalətli və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməlidir.
- QHT əməkdaşlığı maliyyə şəffaflığına, ikitərəfli məlumat, ideya və təcrübə mübadiləsinə imkan verməlidir.
- Əməkdaşlıq dəyişikliyə adaptiv olmalıdır. Münasibətlərdə dəyişikliklər əməkdaşlıq yolu ilə inkişaf etdirilməlidir, bu və ya digər təşkilat tərəfindən əməkdaşlığa məcbur edilməməlidir.
B. Digər QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələr - Müvafiq hallarda, üst-üstə düşən məqsədləri, dəyərləri və hədəf qrupları olan QHT-lər ümumi məqsədlərə nail olmaq üçün faydalı olarsa, bir-biri ilə və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməlidirlər.
- Üst-üstə düşən məqsədləri, dəyərləri və hədəf qrupları olan QHT-lər bir-biri ilə və digər vətəndaş cəmiyyəti təşkilatları ilə rəqabətdən, xidmətlərin lüzumsuz təkrarlanmasından və bir-birinin layihələrinin pozulmasından çəkinməlidir.
- Üst-üstə düşən məqsədləri, dəyərləri və hədəf qrupları olan QHT-lər müvafiq layihə məlumatlarını digər QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları ilə bölüşməli və bir-birini dəstəkləməlidir.
- QHT digər QHT-lərin kampaniyaları və hərəkətləri ilə həmrəylik nümayiş etdirməli, QHT-nin bütövlüyünə və ya dəyərlərinə xələl gətirmədikdə, digər QHT-lərin effektivliyini və uğurunu təşviq etməlidir.
C. Dövlət qurumları ilə əlaqələr - Təşkilat hökumət ilə tərəfdaşlıq müqaviləsini yalnız QHT-nin məqsədlərinə nail olmaq üçün faydalı olduqda və təşkilatın müstəqilliyinə və ya öz nəzarətinə xələl gətirmədikdə bağlamalıdır.
- Təşkilat hökumətlə dialoqa və əməkdaşlığa çalışmalıdır ki, bu cür əməkdaşlıq həm məqsədəuyğun, həm də qarşılıqlı faydalı olsun və QHT-nin gündəliyindəki məsələlər və prioritetlərin həllində effektivliyini artıra bilsin.
- Təşkilat məqsədlərinə nail olmaqdan asılı olmayaraq, yalnız QHT-nin davamlılığını və ya rəqabət üstünlüyünü təşviq etmək üçün hökumətlə tərəfdaşlığa girməməlidir.
- Təşkilat siyasi rəğbət qazanmaq üçün öz siyasətini və ya tərəfsiz təbiətini dəyişməməlidir.
D. Mənfəət əməkdaşlığı - Təşkilat qeyri-hökumət təşkilatının məqsədlərinə nail olmaq üçün faydalı olduqda və təşkilatın müstəqilliyinə və ya özünü idarə etməsinə xələl gətirmədikdə, kommersiya təşkilatları ilə əməkdaşlığa girməlidir.
- Təşkilat fəaliyyət məqsədlərinə nail olmaqdan asılı olmayan maliyyə səbəblərindən kommersiya təşkilatları ilə əməkdaşlığa girməməlidir.
- Əgər əməkdaşlığın əsas motivasiyası rəqiblər üzərində bazar üstünlüyü əldə etməkdirsə, təşkilat mənfəət məqsədi daşıyan təşkilat ilə əməkdaşlığa girməməlidir.

